Azərbaycan Hindistana neft satışının həcmini açıqlayıb

Energetika
  • 19 dekabr, 2023
  • 09:41
Azərbaycan Hindistana neft satışının həcmini açıqlayıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Hindistana 1 milyon 506 min 660,3 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 917 milyon 928,25 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,3 %, dəyəri isə 43,5 % azdır.

İxrac edilən xam neftin ümumi neft ixracında payı 6,22 % olub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 199 min 455,59 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 15 milyard 099 milyon 942,85 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.