Azərbaycan Hindistana neft ixracını 46 % artırıb

Energetika
  • 16 sentyabr, 2022
  • 11:47
Azərbaycan Hindistana neft ixracını 46 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana 1 milyon 599 min 696,16 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 341 milyon 651,25 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 46,2 %, dəyəri isə 2,8 dəfə çoxdur.

Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi ixracında payı 8,9 % olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 17 milyon 983 min 700,5 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 13 milyard 724 milyon 349 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-avqust aylarında isə Azərbaycan xarici ölkələrlə 35,113 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

8 aylıq xarici ticarət dövriyyəsinin 26,245 milyard ABŞ dolları ixracın, 8,868 milyard ABŞ dolları isə idxalın payına düşüb.