Azərbaycan gələn il Xəzərdə yeni qazma qurğusu istifadəyə verəcək

Azərbaycan gələn il Xəzərdə yeni qazma qurğusu istifadəyə verəcək Şahmar Mövsümov: "Artıq bu gün o qurğuya növbə var"
Energetika
1 May , 2015 18:14
Azərbaycan gələn il Xəzərdə yeni qazma qurğusu istifadəyə verəcək

Bakı. 1 may. REPORT.AZ/ Xəzər dənizində yeni müasir üzən qazma qurğusu növbəti ildə hazırlanıb fəaliyyətə başlayacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov məlumat verib. Onun sözlərinə görə, artıq layihənin yarısı maliyyələşdirilib: "Artıq bu gün o qurğuya növbə var. Bu da onu göstərir ki, bu qurğuya yatırılan investisiya qısa müddətdə qayıdacaq".

Qeyd edək ki, Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikintisi layihəsində Azərbaycanın iştirak payı ARDNF tərəfindən maliyyələşdirilir.

Üzən qazma qurğusunun tikintisi məqsədilə 10%-i SOCAR, 90%-i "Caspian Drilling Company" MMC-yə (CDC) məxsus "Socar Rig Assets" MMC yaradılıb. Dövlət Neft Fondu ilə CDC arasında 5 iyul 2013-cü il tarixində imzalanmış nizamnamə paylarının alqı-satqısı müqaviləsinə əsasən 90%-lik pay Neft Fonduna keçib.

"SOCAR Rig Assets"in fəaliyyətinə nəzarət Dövlət Neft Fondundan bir nəfər və Dövlət Neft Şirkətindən bir nəfər olmaqla ümumilikdə iki nəfərdən ibarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının qərarına əsasən, "SOCAR Rig Assets" MMC-nin adı dəyişilərək "Azerbaijan Rigs" MMC adlandırılıb. “Azerbaijan Rigs”in nizamanmə kapitalında payın alınması investisiya layihəsi olaraq Fondun investisiya portfelinə daxil edilib. Layihənin büdcəsinin maksimal həddi 1 116,7 mln. ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi