Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan Enerji Məsələlərini Tənzimlənməsi Agentliyi (AERA) və Rumıniya Enerji Məsələlərini Tənzinləmə Təşkilatının (ANRE) birgə iştirakı ilə “Enerjinin tənzimləməsinə dair əsas fəaliyyət istiqamətləri” adlı üçgünlük seminar işə başlayıb.
“Report”un məlumatına görə, tədbir enerji sektorunda aparılan islahatlara dəstək məqsədi ilə enerji ilə bağlı proseslərin tənzimlənməsində beynəlxalq təcrübənin öyrənilməsi çərçivəsində keçirilir.
Enerji Məsələlərini Tənzimlənmə Agentliyinin sədri Samir Axundov bildirib ki, təmsil etdiyi qurum hazırda ölkədə kommunal xidmət səviyyəsinin yaxşılaşdırılması, dünya standartlarına uyğunlaşdırılması,, enerji sektorunda restruktizasiyanın aparılması, bazar münasibətlərinin tənzimlənməsi, iştirakçılar üçün fasiləsiz və keyfiyyətli enerji təchizatının təmin edilməsinə çalışır. “Bu hədəflərə çatmaq üçün biz bu sahədə müsbət təcrübəyə və biliyə malik ölkələrlə əməkdaşlıq edirik. Bu baxımdan bugünkü tədbir vasitəsilə Rumıniya Enerji Məsələlərini Tənzimləmə Təşkilatı qabaqcıl təcrübənin öyrənilməsinə və bizim üçün yeni olan bu fəaliyyət sahəsinin qurulmasına töhfə verəcək”.
ANRE prezidenti Dumitru Kiritsa isə təşkilatın fəaliyyətindən, enerji sektorunun tənzimləmə prosesinin həyata keçirilməsi üçün vacib sahələrdən danışıb.
Sonra enerjinin istehsalı, ötürülməsi və paylanması sahələrinin bir-birindən ayrılması, enerji sektorunun restruktizasiyası, özəlləşdirilməsi və liberallaşdırılması, həmçinin elektrik enerjisi və qazın nəqli ilə bağlı tarif metodologiyası ətrafında müzakirələr aparılıb. Rumıniyada fəaliyyət göstərən tənzimləyici orqanın səlahiyyəti, müstəqilliyi və məsuliyyəti, həmçinin müzakirə olunan məsələlər üzrə təqdimatlar edilib.
Qeyd edək ki, seminar elektrik enerjisi və qazın paylanmasına dair tarif metologiyaları, elektrik enerjisi, qaz sektorlarında lisenziya, icazə və hüquqların verilməsi, elecə də realtiv enerjinin kompensasiyası ilə bağlı mövzuların müzakirəsi ilə davam etdiriləcək.