Azərbaycan dizel yanacağının istehsalını 9 % artıracaq
- 08 noyabr, 2021
- 07:00
2022-ci ildə Azərbaycanda 2 milyon 255,6 min ton dizel yanacağının istehsal edilməsi nəzərdə tutulur.
"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, 2023-cü ildə isə 2 milyon 437,8 min ton dizel yanacağının istehsal edilməsi proqnozlaşdırılır. Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 8,1 % çoxdur.
2024-cü ildə isə 2 milyon 452,1 min ton dizel yanacağının istehsal edilməsi proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 0,6 % çoxdur.
2025-ci ildə də 2 milyon 457 min ton dizel yanacağının istehsal edilməsi proqnozlaşdırılır ki, bu 2024-cü ilin proqnozu ilə müqayisədə 0,2 % çoxdur. Beləliklə, 2022-ci ilin yekunlarının proqnozu ilə müqayisədə isə 2025-ci ildə ölkədə dizel yanacağının istehsalı proqnozu 8,9 % artacağı gözlənilir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır. Qrafikə əsasən NEZ-də "Avro-5" tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro-5” standartına çatdırılması planlaşdırılır. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.