Azərbaycan Çexiyaya neft ixracını 3 dəfədən çox artırıb

Energetika
  • 19 may, 2023
  • 11:43
Azərbaycan Çexiyaya neft ixracını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Çexiyaya 517 min 961,77 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 323 milyon 390,85 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə 3,2 dəfə, dəyəri isə 3,6 dəfə çoxdur.

Bu ilin ilk 4 ayında Azərbaycandan Çexiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 5,61 % olub.

Xatırladaq ki. bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 9 milyon 235 min 906,05 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.Bu miqdarda məhsulun dəyəri 5 milyard 715 milyon 409,95 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.