Azərbaycan Belarusa xam neft ixracını 3,2 dəfə azaldıb
- 20 iyun, 2022
- 12:30
Bu ilin yanvar-may aylarında Azərbaycandan Belarusa 84 min 893,31 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 57 milyon 590,07 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycandan Belarusa ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə, dəyəri isə 2,06 dəfə azdır.
Azərbaycandan Belarusa ixrac edilən xam neftin ümumi "qara qızıl" ixracında payı 0,74 % olub.
Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 383 min 685 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.
Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.