Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Rumıniyanın “Transgaz” təbii qaz nəqli sistemi operatorunun Moldovadakı törəmə şirkəti olan “Vestmoldtransgaz”ın 25%-lik hissəsini satın alıb.
“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən, EBRD yeni inşa edilmiş Ungheni-Kişinev qaz kəmərini işləyən qaz ötürücü şirkəti “Vestmoldtransgaz”a 20 mln avro (18,5 mln funt sterlinq) investisiya yatırır.
Rumıniya və Moldovanın qaz ötürmə sistemlərinin birləşdirilməsini başa çatdıran 120 km qaz kəmərinin yaxın zamanlarda istismara verilməsi gözlənilir.
Bu, enerji idxalından 90%-dan çox asılı olan sonuncu şirkətə enerji mənbələrini şaxələndirməyə imkan verəcək.
EBRD-nin vitse-prezidenti Alain Pilloux bildirib ki, bu əlaqə Moldovanın qaz təchizatı mənbələrini şaxələndirərək enerji təhlükəsizliyini artıracaq və bu, ölkənin uğurlu inkişafı üçün bir şərtdir.
Onun sözlərinə görə, layihə həmçinin Moldovanı Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və mərkəzi Avropa mərkəzlərindən çıxan qaz mənbələri kimi gələcək böyük qaz infrastruktur layihələrinə inteqrasiya etməyə kömək edir və onu Qara dəniz qaz yataqları ilə əlaqələndirir: “Daha sıx inteqrasiya istehlakçılar üçün iqtisadi fayda verəcək”.
90 mln avro (83 mln funt sterlinq) dəyərində olan qaz kəmərinin inşasına Avropa İnvestisiya Bankının (EIB) 38 mln avro (35 mln funt sterlinq) krediti və “Eurotransgaz”ın səhmdar yatırımı ilə də dəstək olunub.