Avropa bazarlarında qazın qiymətlərinin bir qədər artdığı qeydə alınıb.
“Report” xəbər verir ki, Londondakı “İCE Futures” birjasında keçirilən hərracda təbii qaz ötən günün hesablaşma qiymətinə nisbətən 0,8-3,8 % bahalaşaraq min kubmetri 885-910 ABŞ dollara satılır.
Xatırladaq ki, Avropanın ən böyük onlayn qaz satışı mərkəzində qazın qiymətləri ötən ilin yazındakı 250-300 ABŞ dollardan oktyabrın əvvəlində 1000 ABŞ dollara, dekabrın 21-də isə tarixi rekord olan 2 190 ABŞ dollaradək artıb. Sonrakı dövrdə isə havaların bir qədər isinməsi, külək elektrik stansiyalarında istehsalın artması, ABŞ-dan LNG idxalı nəticəsində qiymətlər yenidən azalıb.
2021-ci ildə qazın bu qədər bahalaşması Asiya bazarında LNG-yə yüksək tələbatla, əsas istehsalçılar tərəfindən təklifin aşağı səviyyəsi, Avropa yeraltı anbarlarında qaz həcminin nisbətən az olması ilə əlaqələndirilir.