Avropa Komissiyası (AK) 2030-cu ilə qədər Avropa İttifaqı (Aİ) ərazisində karbon tullantılarının həcmini 1990-cı illə müqayisədə 55% azaltmağı təklif edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin iclasında Avropa İttifaqındakı işlərin vəziyyətinə dair illik çıxışı zamanı bildirib.
“Avropa Komissiyası 2030-cu ilə qədər karbon tullantılarının həcminin azaldılmasını 55%-dək yüksəltməyi təklif edir. Bu, əvvəlki hədəfimiz olan “2030-cu ilə qədər 40%”dən xeyli çoxdur”, - o deyib.
AK rəhbəri həmçinin qeyd edib ki, 750 milyard avroluq iqtisadiyyatın bərpası proqramına (NextGeneration EU) 30% həcmində, eləcə də “yaşıl energetika” layihələrinə yatırım etmək niyyətindədirlər.