Avrokomissar: “Enerji böhranı zamanı Cənub Qaz Dəhlizi qaz tədarükünün ən mühüm mənbəyi olub”

Avrokomissar: “Enerji böhranı zamanı Cənub Qaz Dəhlizi qaz tədarükünün ən mühüm mənbəyi olub” Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizinin (SGC) sayca 9-cu Məşvərət Şurası keçiriləcək. Bu layihədə iştirak edən və ya gələcəkdə bunu etmək niyyətində olan ölkələrin və şirkətlərin Bakıya gələn rəsmiləri və nümayəndələri Azərbaycanın “Şahdəniz” yatağından
Energetika
1 Fevral , 2023 16:45
Avrokomissar: “Enerji böhranı zamanı Cənub Qaz Dəhlizi qaz tədarükünün ən mühüm mənbəyi olub”

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizinin (SGC) sayca 9-cu Məşvərət Şurası keçiriləcək. Bu layihədə iştirak edən və ya gələcəkdə bunu etmək niyyətində olan ölkələrin və şirkətlərin Bakıya gələn rəsmiləri və nümayəndələri Azərbaycanın “Şahdəniz” yatağından qazın Türkiyəyə və Avropa bazarlarına çatdırılmasını təmin edən bu qaz arteriyasının daha da genişləndirilməsi məsələsini müzakirə edəcəklər. Şərqi Avropanın bir neçə ölkəsi də var ki, onlar interkonnektorların köməyi ilə SGC-yə qoşulmaq və Azərbaycandan enerji almaq imkanlarını nəzərdən keçirirlər.

Məşvərət Şurasının iclasında iştirak edəcək şəxslərdən biri olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson “Report”a müsahibəsində planlaşdırılan görüşlər, eləcə də SGC-nin əhəmiyyəti və genişləndirilməsi yolları barədə danışıb:

- SGC-nin Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya səfəriniz zamanı hansı mövzular diqqət mərkəzində olacaq?

- Fevralın 3-də SGC-nin 9-cu Məşvərət Şurasında iştirak edəcəyəm. Şura iclası keçmişə nəzər salmaq və bu layihənin indiki misli görünməmiş enerji böhranı zamanı Avropa İttifaqına (Aİ) necə kömək etdiyini görmək və genişlənmiş enerji əməkdaşlığımız üçün növbəti addımları birlikdə düşünmək üçün əla fürsət olacaq.

Müzakirələrimizin əsas mövzusu SGC-nin genişləndirilməsi olacaq. Bildiyiniz kimi, bu layihə REPowerEU və Azərbaycanla Strateji Enerji Tərəfdaşlığına dair yeni Anlaşma Memorandumu çərçivəsində dəstəklənir. 2027-ci ilə qədər qaz kəmərinin ötürmə qabiliyyətini ildə 20 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Bundan əlavə, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birlikdə SGC-nin genişləndirilməsinə kömək etmək üçün maliyyə dəstəyinin təmin edilməsi imkanlarını araşdırırıq.

Həmçinin builki görüşlərdə “yaşıl” enerjinin inkişafına və təmiz enerjiyə keçidə daha çox diqqət yetiriləcəyini gözləyirəm. Bu, bizim son memorandumda qeyd olunduğu kimi, qarşılıqlı maraq doğuran mühüm sahədir. Aİ Azərbaycana “yaşıl” keçiddə, o cümlədən İqtisadi İnvestisiya Planı vasitəsilə dəstəyi davam etdirməyə hazırdır.

- Səfəriniz zamanı Azərbaycan rəsmiləri ilə hər hansı görüşlər keçirməyi planlaşdırırsınız?

- Bəli. Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Məşvərət Şurasını açmaq şərəfinə nail olmuşam. Bundan əlavə, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşəcəyəm. Digər rəsmi görüşlərə də hazırlıq gedir.

- Ukraynada müharibə başlayandan bəri SGC-nin əhəmiyyəti nə dərəcədə artıb? SGC vasitəsilə Avropaya ötürülən Azərbaycan qazı enerji böhranının nəticələrinin yumşaldılmasına töhfə verdimi?

- Ötən il enerji böhranının ən qızğın vaxtında SGC bizim üçün boru kəmərləri vasitəsilə qaz tədarükünün ən vacib mənbəyi oldu. 2022-ci ildə SGC vasitəsilə Aİ-yə tədarük olunan qazın həcmi 2021-ci illə müqayisədə 40 %-dən çox artıb və təqribən 8 milyard kubmetrdən 11,4 milyarda çatıb. Son illər Azərbaycan Aİ üçün etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib.

- SGC-nin və onun ötürücülük qabiliyyətinin genişləndirilməsi istiqamətindəki növbəti addım necə olmalıdır?

- SGC-nin genişlənməsi Aİ və onun üzvləri tərəfindən güclü siyasi dəstək alır. Biz Avropa Komissiyası olaraq bu prosesi asanlaşdırmağa çalışırıq.

Birincisi, biz bütün maraqlı tərəflərlə - həm tranzit ölkələrin, həm də idxalçıların hökumətləri, beynəlxalq maliyyə institutları və müxtəlif şirkətlərlə daimi əlaqə saxlayırıq. Dövlət orqanları olaraq biz əlverişli investisiya mühiti yaratmağa çalışırıq. Məşvərət Şurasının 9-cu iclası işimizi irəli aparmaq üçün yaxşı fürsət olacaq.

Amma təbii ki, layihənin həyata keçirilməsi üçün kommersiya şərtləri yerinə yetirilməlidir. Aİ-nin qaz bazarının işləməsi üçün möhkəm və aydın qaydaları var –burada şirkətlər iqtisadi qiymətləndirmələr əsasında qərarlar qəbul edirlər. SGC-nin genişləndirilməsi kimi investisiya prosesləri Aİ-də spesifik qaydalar, o cümlədən Trans-Adriatik Boru Kəməri (TAP) hissəsinin uğurlu bazar sınaqlarının keçirilməsi ehtiyacı ilə tənzim olunur.

Paralel olaraq, Komissiya birgə qaz alışını həyata keçirmək üçün üzv dövlətlərlə də sıx əməkdaşlıq edir. Tələbin toplanması bu istiqamətdə ilk addım olacaq və ümid edirik ki, bu, tədarükçü ölkələrimiz üçün optimal tələb şəraitinin təmin edilməsinə kömək edəcək.

- 2022-ci ilin yayında Aİ ilə Azərbaycan arasında enerji memorandumu imzalanıb. Yeni və oxşar sənədlərin imzalanması ilə bağlı hansısa planlar varmı?

- Aİ ilə Azərbaycan arasında uzunmüddətli və konsolidasiya edilmiş enerji tərəfdaşlığı mövcuddur. Keçən il imzaladığımız memorandum 2006-cı ildə razılaşdırılmış memorandumun ardınca gəldi. Bu, bizə enerji sahəsində əməkdaşlığımızı genişləndirməyə imkan verir. Bu o deməkdir ki, indi biz icra mərhələsindəyik.

SGC-nin, o cümlədən də onun Avropa hissəsinin - Trans-Adriatik Qaz Boru Kəmərinin nəzərdə tutulan genişləndirilməsinə əlavə olaraq, son Anlaşma Memorandumu həmçinin metan emissiyaları ilə bağlı işimizi də gücləndirir.

Ən səmərəli, ekoloji cəhətdən təmiz və iqlimə uyğun təbii qaz təchizatı zəncirinin təmin edilməsi ümumi məsuliyyətdir. Qeyd etmək lazımdır ki, Anlaşma Memorandumu həm də bərpa olunan enerji üzrə əməkdaşlığın yolunu müəyyən edir. Bu, Aİ və Azərbaycan üçün qarşılıqlı maraq doğuran əsas sahədir və enerji tərəfdaşlığımızın uzunmüddətli xarakterini əks etdirir. Burada biz qarşıdakı aylarda və illərdə irəliləyiş əldə etmək əzmindəyik və Azərbaycanı onun təmiz enerjiyə keçid səylərində dəstəkləməyə davam edəcəyik.

Son xəbərlər

Orphus sistemi