E.Nəsirov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini, onun Avropa qitəsində əhəmiyyətinin artdığını vurğulayıb. O, CQD-nin Azərbaycan-Avropa strateji tərəfdaşlığından iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihə olduğunu qeyd edib. Onun sözlərinə görə, ilkin qazın həcmi Avropa üçün cüzi olsa da, Azərbaycan qazı istehlakçı ölkələrdə enerji təchizatı problemlərini kökündən həll edə bilər. SOCAR-ın vitse-prezidenti layihədə ətraf mühitin qorunmasına xüsusi diqqət ayrıldığını, təbii qazın digər enerji daşıyıcılarına nisbətən ətraf mühiti daha az çirkləndirdiyini vurğulayıb.
E.Nəsirov SOCAR-ın Avropa İttifaqı iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlı olduğunu və Aİ-nin qeyri-Avropa sərmayədarlarına lazımi strateji dəstəyi göstərməli olduğunu qeyd edib.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinçenti, Azərbaycanın Belçika və Lüksemburqda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov CQD layihəsinin həyata keçirilməsi zərurətindən danışıblar.
Avropa Komissiyasının vitse-prezidenti Maroş Şeftsoviç bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə görüşündə CQD layihəsini müzakirə etdiyini, Azərbaycan rəhbərliyinin layihəni prioritet olaraq gördüyünü və işlərin vaxtında başa çatdırılacağına zəmanət verdiyini bildirib. M.Şeftsoviç Azərbaycan və Türkiyə layihə üzrə öhdəliklərini artıq yerinə yetirdiklərini, indi isə Avropadan üzərinə düşənləri həyata keçirməyi gözlədiklərini deyib. O, Enerji İttifaqının yaradılması üçün əlverişli anın gəldiyini vurğulayıb.
Görüşdə BP-nin CQD üzrə vitse-prezidenti Co Mörfi və Trans-Adritaik Boru Kəməri (TAP) layihəsinin icraçı direktoru Kyetil Tunqland da öz fikirlərini bölüşüblər.