Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin “Qobustan” Regional Təlim Mərkəzində 12 ixtisas üzrə 227 nəfər gənc yekun buraxılış imtahanı verib. Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.
İmtahanlar TTSİ-nin, İnsan Resursları Departamenti mütəxəssislərinin, eləcə də şagirdlərin istehsalat təcrübəsində olduqları müəssisələrdən dəvət edilmiş nümayəndələrin iştirakı ilə baş tutub.
Onlar tədris proqramlarının 30%-ni təşkil edən nəzəri və 70%-ni təşkil edən təcrübi hissə üzrə yüksək nəticələr göstərib, bununla da istehsalata vəsiqə qazanıblar.
Xatırladaq ki, ötən il test üsulu ilə keçirilmiş qəbul imtahanlarında uğur əldə edən 227 nəfər 2013-cü il noyabrın 12-dən 12 ixtisas üzrə 16 qrupda 10 ay müddətinə nəzəri və praktiki dərslərə cəlb olunub.