Almaniya Azərbaycandan neft alışını 2 dəfədən çox artırıb
- 21 oktyabr, 2023
- 09:21
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Almaniyaya 843 min 138,09 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 528 milyon 741,45 min ABŞ dolları təşkil edib.
Bu ilin ilk 9 ayında Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,04 dəfə çoxdur.
Bu ilin ilk 9 ayında Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,24 % olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 876 min 255,40 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 12 milyard 128 milyon 399,72 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.