Albaniyaya yatırılan xarici investisiyanın 40%-i TAP-ın payına düşüb

Albaniyaya yatırılan xarici investisiyanın 40%-i TAP-ın payına düşüb 2016-cı ildə xarici investisiyanın həcmi 983 mln. avro olub
Energetika
4 Aprel , 2017 12:23
Albaniyaya yatırılan xarici investisiyanın 40%-i TAP-ın payına düşüb

Bakı. 4 aprel. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası çərçivəsində 2016-cı ildə Albaniyaya yatırılan investisiyaların həcmi bu ölkəyə qoyulan birbaşa xarici sərmayənin 40%-ni təşkil edib.

“Report” xəbər verir ki, Albaniya Mərkəzi Bankının məlumatına görə, 2016-cı ildə xarici investisiyanın həcmi 983 mln. avro olub və bu, rekord göstəricidir. Ötən il Albaniya iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyanın həcmi isə əvvəlki illə müqayisədə 10% artıb.

Albaniyaya yatırılan xarici investisiyanın ən yüksək həddi III rübdə qeydə alınıb. Bu rüb ərzində birbaşa xarici investisiyanın həcmi 303 mln. avro olub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

TAP-ın Albaniya hissəsinin tikintisinə 2016-cı ildə başlanılıb. TAP-ın Albaniyaya ümumi investisiyasının həcmi 1,5 mlrd. avro nəzərdə tutulur. Bu il TAP çərçivəsində Albaniya iqtisadiyyatına 400-450 mln. avro investisiya yatırılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi