Akademik Midhət Abasovun 90 illik yubileyi qeyd olunub

Akademik Midhət Abasovun 90 illik yubileyi qeyd olunub Onun rəhbərliyi ilə Azərbaycan dəniz qaz kondensat yataqlarının işlənilməsinin elmi üsulları yaradılıb
Energetika
14 Oktyabr , 2016 16:33
Akademik Midhət Abasovun 90 illik yubileyi qeyd olunub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, texnika üzrə elmlər doktoru, dövlət mükafatı laureatı Midhət Abasovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə M.Abasovun elmi və ictimai-siyasi fəaliyyəti haqqında danışıb. AMEA rəhbəri alimin elmi-təşkilati, neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində çoxşaxəli fəaliyyətindən söz açaraq, onun Azərbaycan elmi-ictimai düşüncəsinin inkişafında müstəsna rol oynadığını bildirib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə alimin neft və qaz yataqlarının işlənilməsi sahəsində xidmətlərindən söz açıb. O bildirib ki, M.Abasovun işlənilmə ilə bağlı neft-mədən geologiyası, lay və quyuların tədqiqi, neft və qaz hasilatının proqnozlaşdırılması sahələrində tədqiqatları olub. SOCAR-ın I vitse prezidenti qeyd edib ki, alim sözügedən sahələrdə yeni fundamental nəticələr əldə edib və bu uğurlar beynəlxalq konfranslarda, simpoziumlarda müzakirə obyekti olub. 

AMEA-nın müxbir üzvləri Zöhhak Abbasov və Qərib Calalov akademik M.Abasovun yaratdığı elmi məktəb və nailiyyətləri, fəal bir təşkilatçı və ictimai xadim kimi gördüyü işlərdən danışıblar. Bildirilib ki, dünya neft və qaz sənayesinin inkişafında mühüm rolu olan M.Abasovun rəhbərliyi və iştirakı ilə Azərbaycan dəniz qaz kondensat yataqlarının işlənilməsinin elmi üsulları yaradılıb və bu iş dövlət mükafatına layiq görülüb.

Alimin yaratdığı elmi məktəbin 40-dan çox fəlsəfə, 20-dən çox elmlər doktorları, AMEA-nın 2 həqiqi, 8 müxbir üzvü onunla çiyin-çiyinə çalışıb və bu məktəbin fəal davamçıları olublar. Bu gün də alimin elmi istiqaməti davam etdirilir, yeni nəticələr əldə olunur.

Daha sonra yubiley akademikin həyat və fəaliyyətinin əsas mərhələləri haqqında xatirə çıxışları ilə davam edib.

Son xəbərlər

Orphus sistemi