Bakı. 17 noyabr. REPORT.AZ/ Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.
"Report"a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.
Qeyd olunur ki, "Aİ-95" və “Aİ-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.
Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.
Bütün bunlar bir yana, "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə bu markalarda yanacağa olan tələbatın "Aİ-92" markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.
Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.
Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb.
Məsələn, Rusyada “Aİ-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Aİ-92” markalı benzinin qiyməti isə 2,3% artıb, Gürcüstanda isə oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.
Qeyd edək ki, hazırda Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiyməti 0,74 dollardır. Ukraynada benzinin bu növünün qiyməti ölkəmizlə müqayisədə 0,31 dollar baha - 1,05 dollardır. "Aİ-95" premium markalı qonşu Gürcüstanda isə 0,86 dollara, başqa sözlə desək, Azərbaycanla müqayisədə 0,12 dollar baha satılır. "Aİ-95" premium markalı benzinin qiyməti Türkiyədə 1,45 dollara, respublikamızla müqayisədə 0,71 dollar baha satılır. Ermənistanda isə "Aİ-95" premium markalı benzin 0,85 dollara, Azərbaycanla müqayisədə 0,11 dollar baha satılır.
“Aİ-98” super markalı benzinin qiyməti 0,88 dollar olduğu halda qonşu Gürcüstanda yanacağın bu növünün qiyməti 0,89 dollar, ölkəmizlə müqayisədə 0,01 dollar bahadır. “Aİ-98” super markalı benzin Türkiyədə Azərbaycandan 0,57 dollar baha, başqa sözlə desək, 1,45 dollara satılır. Bu markalı benzin Ermənistanda da, ölkəmizlə müqayisədə 0,01 dollar bahadır. Ukraynada da “Aİ-98” super markalı benzinin qiyməti Azərbaycandan 0,29 dollar baha - 1,17 dollara satılır.
Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.