Azərbaycan hökuməti ölkə iqtisadiyyatını şaxələndirməli və bərpa olunan enerji sektorunun inkişafına yönəlmiş səylərini davam etdirməli, qabaqcıl infrastruktur layihələrinə sərmayə qoymalı, rəqəmsallaşma və texnoloji inkişafı təşviq etməlidir.
"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında Azərbaycanda iqtisadi inkişafın uzunmüddətli perspektivindən bəhs edərkən bildirilib.
ADB hesab edir ki, hökumətin iqtisadiyyatı şaxələndirmək istiqamətində səylərinə baxmayaraq, neft və qaz altsektoru iqtisadi artımın aparıcı qüvvəsi və əsas gəlir mənbəyi olaraq qalmaqdadır: “Azərbaycanda bərpa olunan enerjinin, yəni günəş və külək enerjisi istehsalı üçün əhəmiyyətli potensial var. Energetika Nazirliyinin məlumatına görə, ölkənin günəş enerjisinin texniki potensialı təqribən 23 min meqavat, külək enerjisi isə 3 min meqavatdır”.
Eyni zamanda, bank hökumətin hazırda bərpa olunan enerji mənbələrindən istifadəni dəstəkləmək üçün qanunvericilik bazasının hazırlanması üzərində iş apardığını vurğulayıb.
ADB Azərbaycan iqtisadiyyatının böyük neft və qaz altsektoruna malik inkişaf etməkdə olan iqtisadiyyat olduğunu, ölkənin ÜDM-nin azı 50 %-nin, ixracının isə 90 %-nin bu altsektorun payına düşdüyünü vurğulayır.
"Buna baxmayaraq, 2021-ci ildə Azərbaycan iqtisadiyyatının bərpası (5,5 % artım) qeyri-enerji sektorları hesabına baş verib. İqtisadiyyatın qeyri-karbohidrogen hissəsi isə xidmətlər və istehsal sahələri hesabına 7,2 % artım göstərib. Bununla belə, "OPEC+" təşkilatının neft hasilatına kvotalar tətbiq etməsi ümumi ÜDM-nin artımını məhdudlaşdırıb.
2022-ci ilin aprel ayından iyun ayına qədər ÜDM-in artım səviyyəsi enerji qiymətlərinin yüksəlməsi ilə əlaqədar olaraq illik ifadədə rekord 58,8 %-ə çatıb. Bununla belə, Azərbaycanın yüksək neft qiymətlərindən aldığı təkan qısamüddətli ola bilər. Çünki ümumi qlobal artıma Çində COVID-19 ilə bağlı davam edən məhdudiyyətlər və Avropanın Rusiyanın Ukraynaya təcavüzünün təsirlərini hiss etməyə başlaması mənfi təsir göstərə bilər.
Beləliklə, qlobal real ÜDM artımının 2022-ci ildə orta hesabla 18 % təşkil edəcəyi, 2023-cü ildə isə 3,5 %-ə qədər yavaşlayacağı gözlənilir. Bu, artıma təsir edən birdəfəlik amillərin əhəmiyyətinin azalması ilə bağlıdır. Real ÜDM artımının 2023-2026-cı illərdə orta hesabla 3,1 % olacağı proqnozlaşdırılır"", - hesabatda deyilir.
Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 4,7 %, 2023-cü ildə 3,5 %, 2024-cü ildə 3 %, 2025-ci ildə 2,8 %, 2026-cı ildə 3,2 % təşkil edəcək.