“ACWA Power” Azərbaycanın “yaşıl enerji"nin inkişafı yolundakı fəaliyyətinin bir hissəsi olmaqdan məmnundur və Azərbaycana “yaşıl enerji"yə keçid yolunda dəstəyini davam etdirəcək”.
“Report” xəbər verir ki, bunu “ACWA Power” şirkətinin investisiyalar üzrə Baş direktoru Klayv Turton Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda deyib.
Onun sözlərinə görə, şirkət karbon qazı tullantılarının azaldılmasına, sənaye üçün bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə və Azərbaycanda qalıq yanacaqlardan asılılığın azaldılmasına kömək edəcək.
K.Turton qeyd edib ki, təbii sərvətlər Azərbaycana bu sektorda uğurla inkişaf etmək imkanı verir.
İlin əvvəlində 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi energetika nazirinin müavini Elnur Soltanov və “ACWA Power” şirkətinin investisiya üzrə baş direktoru Klayv Turton imzalayıblar.
“ACWA Power” Azərbaycana təxminən 300 milyon ABŞ dolları sərmayə qoyub ki, bu, şirkətin Səudiyyə Ərəbistanından kənarda ən böyük sərmayəsidir.