ABŞ təbii qazın satışına görə ən bahalı bazar olub

Energetika
  • 27 dekabr, 2017
  • 11:03
ABŞ təbii qazın satışına görə ən bahalı bazar olub

Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ-ın şimal-şərqində təbii qazın spot (cari) qiyməti 2 dəfədən çox artaraq son 3 ildə ən maksimal həddə çatıb.

“Report” xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, buna səbəb soyuq havalara görə yanacağa tələbatın artmasıdır.

Təbii qazın qiymətinin bu həddə qalxması ilə ABŞ-ın bu regionu dünyada təbii qazın ən bahalı bazarına çevrilib.

Ötən gün Yeni İngiltərə regionu (Konnektikut, Men, Massaçusetts, Nyu-Hempşir, Rod Aylend, Vermont ştatları) üçün növbəti gün çatdırılma ilə “Intercontinental Exchange” platformasında 1 mln. Britaniya termal vahidi həcmində təbii qazın qiyməti 35,35 dollara qədər artıb.

Ötən gün ABŞ-da təbii qaza tələbat dekabrın 22-si ilə müqayisədə 31% artıb və 115,7 mlrd. kubfut olub.

Bununla belə, NYMEX birjasında təbii qazın yanvar ayı üçün fyuçers qiyməti 0,9% azalaraq 2,643 dollar olub.