"Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsindən sonra Avropada ilk iri enerji infrastrukturun yaradılmasına başlanılıb. Bu da xüsusilə ilə qeyri-Rusiya təbii qazının bazara gətirilməsi deməkdir".
“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payett Yunanıstanın Saloniki şəhərində keçirilən Cənubi-Şərqi Avropanın V Enerji Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, biz zamanlar bu kəmərin tikintisi və həyata keçirilməsi bir xəyal kimi görsənirdi: “Düşünürəm ki, artıq TAP tərəfdaşları, həmçinin Albaniya, Yunanıstan və İtaliya daxil olmaqla boru kəmərinin tikintisində nail olduqları uğurlarla fəxr etməlidir. TAP istifadəyə verilməsindən sonra Avropada ilk iri enerji infrastrukturun yaradılmasına başlanılıb. Bu da xüsusilə ilə qeyri-Rusiya təbii qazının bazara gətirilməsi deməkdir”.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
2020-ci il dekabrın 31-dən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.