Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ-dan ilk LNG (Liquefied Natural Gas, mayeləşdirilmiş təbii qaz) partiyası Litvanın Baltik dənizindəki Klaypeda dövlət limanına çatdırılıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Litva Energetika Nazirliyindən bildirilib.
“LNG Amerikanın enerji şirkəti “Cheniere” ilə iyunda imzalanan müqavilə çərçivəsində Litvaya çatdırılıb”, - nazir Jiqimantas Vayçyunas bildirib.
Marşal adalarının bayrağı altında üzən tankerdə təxminən 140 min kubmetr məhsul olub. Nazirin sözlərinə görə, sentyabrın ortalarında Klaypeda limanına ikinci partiyanın daxil olması gözlənilir.
Nazir ümid etdiyini bildirib ki, ABŞ-dan məhsulun təchizatı ilə litvalı istehlakçılar üçün qiymət aşağı salınacaq: “Təchizatın artması ilə gec ya da tez qiymət aşağı düşəcək.”
Qeyd edək ki, qaz Klapyeda dəniz limanının LNG terminalına çatdırılıb, buradan isə qaz şəbəkəsinə paylanacaq, məhsulun bir hissəsi Latviyanın İnçukalnsk yeraltı qaz anbarında saxlanılacaq.
İndiyə qədər terminal müntəzəm olaraq “Statoil” şirkəti ilə müqavilə çərçivəsində Norveçdən, eyni zamanda Nigeriya, Trinidad və Tobaqodan maye qaz qəbul edib.