ABŞ-da “Dostluq” yatağı üzrə razılaşma ilə bağlı onlayn forum keçirilib

ABŞ-da “Dostluq” yatağı üzrə razılaşma ilə bağlı onlayn forum keçirilib Vaşinqtonda “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmadan irəli gələn əməkdaşlığa həsr olunmuş onmuş forum keçirilib
Energetika
10 Fevral , 2021 06:05
ABŞ-da “Dostluq” yatağı üzrə razılaşma ilə bağlı onlayn forum keçirilib

Vaşinqtonda fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnsitututun təşəbbüsü ilə Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmadan irəli gələn əməkdaşlıq və onun regionda yaratığı yeni imkanlara həsr olunmuş onlayn forum keçirilib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən “Report”a verilən məlumata görə, forumda Mərkəzin sədri, tanınmış politoloq Fredrik Starın moderatorluğu ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, Türkmənistanın bu ölkədəki səfiri Meret Orazov, ABŞ-ın Azərbaycanda keçmiş səfiri Metyu Brayza və Mərkəzin direktoru, tanınmış araşdırmaçı Svante Kornel panelist qismində çıxış ediblər.

Feysbuk və "Youtube" şəbəkələrində canlı yayımlanan forumda Xəzər dənizinin karbohidrogen yataqlarının birgə kəşfiyyatı və işlənməsini ehtiva edən Anlaşma Memorandumu ətrafında müzakirələr aparılıb, bu layihənin iki ölkə arasıdakı əməkdaşlığı yeni müstəviyə çıxartmaqla yanaşı, regional səviyyədə enerji sahəsinə əlavə imkanlar gətirdiyi bildirilib, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin bu əməkdaşlıqdan faydalanacağı qeyd olunub.

Elin Süleymanov çıxışı zamanı Azərbaycan və Türkmənistan tərəfindən "Dostluq" yatağı üzrə razılaşmanın əldə edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, memorandumun imzalanmasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iki dövlətin strateji maraqları naminə birgə fəaliyyəti nəticəsində mümkün olduğunu vurğulayıb, qardaş dövlətlərimizin nə qədər yaxın və dost olmasının göstəricisi olmasını bildirib. Səfir son 30 ildə Azərbaycan və Türkmənistanın müstəqillik və suverenliyini gücləndirərək hal-hazırda regionun vacib ölkələrinə çevrildiyini qeyd edib, razılaşmanın hər iki ölkənin milli maraqlarından və ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlandığını diqqətə çatdırıb.

Səfir Vətən müharibəsindən sonra regionda baş verən dəyişikliklərin nəqliyyat, enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə və ümumilikdə regionda sabitliyin qorunub saxlanmasına imkan yaratdığını qeyd edib. 2020-ci ilin 12-14 iyul tarixlərində Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilmiş hərbi təxribatı xatırladan səfir bunun yalnız ölkəmizə qarşı deyil, bütün region üçün olduqca əhəmiyyətli olan enerji və nəqliyyat xətlərinə təhlükə yaratdığını qeyd edib. O, bildirib ki, Azərbaycan tərəfi öz qətiyyətli cavabı ilə regionda ümumi sabitliyə böyük töhfə verib. Ölkəmizin Vətən müharibəsindəki qələbəsi regionda yeni imkanlar yaratmaqla yanaşı, bölgədə əsas təhlükə mənbəyinin aradan qaldırılması ilə nəticələnib. Regional enerji, nəqaliyyat və infrastruktur layihələrinin əhəmiyyətindən bəhs edən E.Süleymanov yeni razılaşmanın Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri, eləcə də Ermənistan üçün də fayda gətirəcəyini vurğulayıb.

Türkmənistan səfiri Meret Orazov Azərbaycan və Türkmənistan arasında əməkdaşlığı regionda sabitlik və inkişafın əsas elementi olaraq qiymətləndirib, ölkəmizin Türkmənistana hər zaman dəstək olduğunu qeyd edib. M.Orazov Lapis Lazuri layihəsi çərçivəsində Əfqanıstanın inkişafı üçün və digər formatlarda ölkəmizlə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbir zamanı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasının əhəmiyyəti vurğulanıb, layihənin regional inkişafa və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi