Yuxarı

"Zərdabi" layihəsi çərçivəsində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Layihənin hədəf qrupuna 18 615 nəfər 4-cü sinif şagirdi daxildir

Bakı. 7 yanvar. REPORT.AZ/ "Zərdabi" layihəsi çərçivəsində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib. 

2015-2016-cı tədris ilindən start verilən "Zərdabi - İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi" məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla üç istiqamətdə həyata keçirilir.

Layihənin icrasında məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilməsidir. Həmçinin, oxu bacarıqlarının formalaşdırılması və inkişafı yönündə valideynlərin biliyinin artırılması, şagirdlərin oxu prosesini təşkil edən tərəflərindən biri kimi onların bu prosesə fəal cəlb edilməsi, bu yöndə məktəb rəhbərlərinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həmçinin ictimaiyyətin diqqətini oxu bacarığının, mütaliə mədəniyyətinin formalaşdırılmasının vacibliyinə yönəltmək də əsas məqsədlər sırasındadır. 

"Zərdabi" layihəsi ibtidai təhsil pilləsi üzrə ölkə təhsil tarixində funksional savadlılığın artırılmasına, şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmiş ilk layihədir.

Layihə çərçivəsində 4-cü sinifdə dərs deyən ibtidai sinif müəllimləri ilə "Oxu strategiyaları" adlı seminarlar təşkil edilib.

Bakı şəhəri daxil olmaqla, respublikanın digər şəhər və rayonlarının 204 ümumi təhsil məktəbinin 800-ə yaxın sinfində təhsil alan 18 615 nəfər 4-cü sinif şagirdi layihənin hədəf qrupuna daxildir.

2015-ci il ərzində ayda iki dəfə, dekabrda isə 4 dəfə seminar-dərslər təşkil edilib. Seminar-dərslər "Oxuyub anlama bacarıqları üzrə qiymətləndirmə vəsaiti"ndəki mövzular əsasında şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zəngiləşdirilməsi, oxu texnikasının artırılması yönündə layihə əlaqələndiriciləri tərəfindən interaktiv üsullarla tədris olunur. Seminar-dərslərin tədris ilinin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.

Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf dinamikasını izləmək məqsədilə layihə müddətində yazılı qiymətləndirmələr aparılır. 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə ötən ilin noyabr ayında diaqnostik qiymətləndirmə aparılıb. Bu ilin yanvarında növbəti qiymətləndirmənin keçirilməsi planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi