Yuxarı

AMEA: Yüksək Texnologiyalar Parkının məhsullarının ölkədə satışına maneələr yaradılır

Yüksək Texnologiyalar Parkı məhsullarını sata bilmir

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Elmləri Bölməsinin akademik-katib vəzifəsini icra edən Vaqif Fərzəliyev ilə AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi arasında görüş keçirilib. 

Akademiyadan "Report"a verilən məlumata görə, görüşdə parkın rezidentlərindən olan “Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti və "Millers Oils Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan ümumilikdə 100-dən çox adda məhsulun (müxtəlif təyinatlı sürtgü yağları, maddələr, qatqılar və s.) tərkibi və qiyməti baxımından öz sinfində dünya üzrə məşhur istehsalçıların analoqları ilə müqayisədə sərfəli olması barədə müzakirələr aparılıb və onların dünya bazarında satış imkanları nəzərdən keçirilib.

Müzakirələr zamanı məlum olub ki, istehsal olunan məhsulların nəinki xarici bazarlarda, hətta daxili bazarlarda belə satışının təşkilində müəyyən çətinliklər mövcuddur. Həmçinin bildirilib ki, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” sərəncamda “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminin müəyyənləşdirilməsinə dair aidiyyəti dövlət strukturuna tapşırığın verilməsinə baxmayaraq, hazırda bu mexanizmin işlənməməsi səbəbindən məhsulların satışı həyata keçirilmir. 

Qeyd olunub ki, bu da öz növbəsində ölkədə daxili bazarı qorumaq və ixrac potensialını artırmaq məqsədilə ölkənin valyuta ehtiyatlarının artırılması istiqamətində aparılan siyasətinə, eyni zamanda həyata keçirilən çoxsaylı tədbirlərə dəstək imkanlarını məhdudlaşdırır.

Görüşdə həmçinin digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi