Yuxarı

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsahibələr iyunun 20-dən başlayacaq

Bu günədək 6 yaşı tamam olmayan 3 691 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçib

Bakı. 10 iyun. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə 6 yaşı bu ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə keçiriləcək müsabiqəyə elektron qeydiyyat başlayıb.

İdarədən “Report”a verilən məlumata görə, istedadlı uşaqların müsahibədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır.  Qeydiyyat iyunun 7-də başlayıb və iyulun 15-dək davam edəcək.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibələr iyunun 20-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə aparılacaq.

Valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməklə, uşaq haqqında məlumatları saytda verilən formada dolduraraq müsahibəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsahibəyə dəvət olunduğu tarix və vaxt göstəriləcək.

Qeyd edək ki, bu günədək 6 yaşı tamam olmayan 3 691 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçib. Artıq 6 yaşı tamam olmayan 2 485 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçən valideynlərə (və ya qanuni nümayəndələr) şəxsi kabinetə daxil olaraq müsahibədən qeydiyyatdan keçmək və buraxılış vərəqəsini çap etmək barədə “sms" göndərilib.

Valideynlər müsahibənin nəticələrinə dair “sms” aldıqdan sonra məktəbə qəbul üçün müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbə müraciət etməlidirlər.

Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirən 704 nəfər uşaq üçün isə valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertfikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər.

Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.

Qeyd edək ki, artıq 504 nəfər 6 yaşı tamam olmayan xüsusi istedada malik uşaq qəbulu müsabiqə əsasında təşkil olunan lisey və gimnaziyalara qəbul olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi