Yuxarı

Filoloq: "Uşaq ədəbiyyatı nümunələri mətbuatda yox dərəcəsindədir"

Televiziya verilişlərinin hazırlanmasına peşəkarlar cəlb olunmur

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Uşaq ədəbiyyatı nümunələri mətbuatda demək olar ki, yox dərəcəsindədir". Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı deyib.

O bildirib ki, müasir uşaq ədəbiyyatı ilə bağlı materialları əldə etmək çox çətindir: "Materialları tapmaq üçün müəlliflərin özlərinə müraciət etmək lazım olur. Orta məktəb dərsliklərində hələ də Abdulla Şaiq, Mirzə Ələkbər Sabir və başqalarının əsərləri yer alır".

İnstitut rəsmisi bildirib ki, müasir dövrdə də savadlı və peşəkar uşaq yazarları var: "Onların əsərləri günümüzün uşaqlarının səviyyəsinə uyğundur. Amma həmin ədəbiyyat nümunələrinin çap olunması, uşaqlara çatdırılması hələ də problem kimi qalır".

A.Bağırlı həmçinin qeyd edib ki, telekanallarda göstərilən uşaq verilişləri çox primitiv hazırlanır: "Çünki televiziya verilişlərinin hazırlanmasına peşəkarlar cəlb olunmur. Uşaq teatrlarında da vəziyyət eynidir. Müasir uşaq ədəbiyyatı nümunələri bu gün teatr səhnələrinə qoyulmur. Səbəb kimi isə valideynlərin zövqünü göstərirlər. Çünki valideynlər tanımadığı əsərin tamaşasına övladlarını gətirmirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi