Yuxarı

UNEC-in 16 gənc müəllimi and içib

Andiçmənin mətni müəllimin şəxsi imzası ilə onun şəxsi işində saxlanılacaq

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi keçirilib. Bu barədə "Report"a UNEC-dən məlumat verilib. 

Universitetin rektoru Ədalət Muradov bildirib ki, bu gün Azərbaycan təhsil sistemində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq UNEC-də Təhsil Nazirliyinin "Müəllimlərin etik davranış qaydaları"nın imzalanması mərasimi keçirilir: "Müəllimlərin and içməsi düzgün qərardır. Müəllim Azərbaycan qanunları, öz vicdanı və tələbələr qarşısında məsuliyyət daşıyır. Müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə yerinə yetirməyə borcludur. O, hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Bu gün UNEC-in müəllimlər ailəsinə 16 gənc qəbul edirik. Bu gənclərin müəllimlik nümunəsi olmasını arzulayırıq".

Ötən il UNEC-ə 121 gənc müəllimin cəlb edildiyini bildirən Ə.Muradov yeni tədris ilində bu rəqəmin 20-yə yaxın olduğunu vurğulayıb: "Bu gün UNEC-in ilk dəfə işə qəbul edilən 16 gənc müəllimi and içir və biz əminik ki, onlar peşəkar müəllim heyətimizin təcrübəsindən bəhrələnərək, qarşımıza qoyduğumuz hədəflərə çatmaqda əllərindən gələni edəcəklər".

Təhsil naziri Mikayıl Cabbarovun and içən müəllimlərə təbrikini nazirliyin sektor müdiri Sülhəddin Gözəlov çatdırıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib. Gənc müəllimlər dövlət bayragı altında Konstitusiyaya əl basaraq təntənəli surətdə and içib, andiçmənin yazılı mətnini imzalayıblar. Andiçmənin mətni müəllimin şəxsi imzası ilə onun şəxsi işində saxlanılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi