Yuxarı

TQDK ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi elan edib

Boş qalan ixtisasların siyahısı Abituriyent jurnalının xüsusi buraxılışında təqdim olunacaq

Bakı. 3 avqust. REPORT. AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi elan edib. "Report"un məlumatına görə, ixtisas seçimi avqustun 4-dən 10-dək internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. İmtahan nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları TQDK tərəfindən yaradılmış müvafiq Qeydiyyat Komissiyasında mayın 20-dən iyunun 2-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər.

"Xanəndəlik", "Vokal sənəti", "Dizayn", "Təsviri incəsənət müəllimliyi", "Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması", "Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi", "Dekorativ tətbiqi incəsənət və xalq sənəti", "Bədii yaradıcılıq işi" ixtisaslarını iyulun 7-dən 11-dək keçirilmiş seçmə tur zamanı müvafiq yoxlamadan "məqbul" almış abituriyentlər seçə bilərlər.

Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi