Yuxarı

​Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanıb

Seçim avqustun 2-dən avqustun 8‑dək internet vasitəsilə aparılacaq

Bakı. 2 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə avqustun 2-dən avqustun 8‑dək internet vasitəsilə ixtisas seçimi elan edib.

TQDK-dan "Report"a verilən məlumata görə, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. İmtahan nəticələrinə görə orta ixtisas təhsili müəs­sisə­lərinə qəbul olub qeydiyyatdan keçən abituri­yentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İxtisas seçmək hü­ququ olan abitu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birin­cisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları (bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları istisna olmaqla) yalnız TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən iyulun 9-dan 13-dək keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər. Bədən tərbiyəsi və idman istiqamətinin ixtisaslarını yalnız bu ixtisasların aid olduğu komissiya üzrə mayın 20-dən iyunun 2-dək eservices.tqdk.gov.az/erizetex/ qabiliyyet internet səhifəsində qeydiyyatdan keçən abituriyentlər seçə bilərlər.

Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi