Azərbaycanda Türkiyənin hərbi məktəblərinə qəbul üçün müsabiqə elan olunub

Azərbaycanda Türkiyənin hərbi məktəblərinə qəbul üçün müsabiqə elan olunub Müsabiqəni Dövlət İmtahan Mərkəzi keçirəcək
Elm və təhsil
19 İyul , 2017 16:50
Azərbaycanda Türkiyənin hərbi məktəblərinə qəbul üçün müsabiqə elan olunub

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində bağlanan müqaviləyə əsasən, 2017/2018-ci tədris ilində Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasının Gülhanə Hərbi Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub. 

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, müsabiqədə bu il IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600‑dən yuxarı bal toplayan, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə təqdim olunacaq. Seçim zamanı uğur qazanan 10 nəfər namizədin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 28-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.

Eyni zamanda, Türkiyənin Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına 2017/2018-ci tədris ili üçün kursant qəbulu elan olunur. Müsabiqədə DİM tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 250 və daha yüksək bal toplayan 17-20 yaş arasında olan Azərbaycan vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq Türkiyə Respublikası tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı qrupa daxil olan namizədlər üçün minimum boy/çəki standartları - müvafiq olaraq 17 yaş üçün - 168 sm və 52 kq, 18 və yuxarı yaş qrupuna daxil olan namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası) , sağlamlıq, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan “Hərbi kursant ola bilər” qeyd olunmuş arayış alan, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla nigahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan, nitqində hər hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayan namizədlər iştirak edə bilər.

Qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış 9 (doqquz) nəfər namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi müayinələrə və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunur. Müvafiq yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər. Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 3 (üç) nəfər namizəd Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına təhsil almağa göndəriləcəklər.

Təhsil müddəti 4 ildir. 4 illik ali təhsildən öncə 1 il müddətində İngilis dilindən hazırlıq təlimi keçirilir. İngilis dilini müvafiq səviyyədə bilən kursantlar isə birbaşa I kursdan təhsilə başlayırlar. Kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunur.

Türkiyə Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcək. Həmin şəxslərin ən azı 10 il müddətində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir. 1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilir. Məktəbdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılır. Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra–iyulun 31-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

Bundan başqa, 2017/2018-ci tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur. Müsabiqədə 2017-ci ildə ali təhsil müəssisələrinin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 dən yuxarı bal toplamış, 20 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 6 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 2 (iki) nəfər namizədin Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə təhsil almağa göndəriləcəkdir. Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. 1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Gühanə Tibb Fakültəsini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq va yaşayış yeri ilə təmin ediləcəklər. Həmin şəxslərin ən azı 10 il müddətində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir. Müsabiqədə iştirak etmək istəyənlər imtahanların nəticələri elan olunduqdan sonra–iyulun 31-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi