Türkiyənin Azərbaycandakı səfiri ADU-da olub

Türkiyənin Azərbaycandakı səfiri ADU-da olub ADU-da “Səfirdən gələcək səfirlərə” layihəsinə start verilib
Elm və təhsil
2 Aprel , 2016 17:07
Türkiyənin Azərbaycandakı səfiri ADU-da olub

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Diplomat” klubunun təşkilatçılığı ilə “Səfirdən gələcək səfirlərə” layihəsinə start verilib. Layihənin ilk qonağı Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun olub.

Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

Məlumata görə, öncə universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov səfiri ADU-da görməkdən məmnunluğunu bildirib. Türkiyədə son günlərdə baş verən terror hadisələrini pisləyib, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu və onu dəstəklədiyini söyləyib. Professor universitetdə 22 dilin tədris olunduğunu, eyni zamanda 17-ə yaxın dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib.

Alper Coşkun növbəti dəfə ADU-da olmaqdan şad olduğunu söyləyib. Azərbaycan və Türkiyə arasında olan əlaqələrin tarixi köklərə söykəndiyini bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dəstəyini yüksək qiymətləndirərək türk xalqı adından minnətdarlığını qeyd edib. Siyasi, iqtisadi, humanitar, ticarət, enerji və təhsil sahəsində Azərbaycan-Türkiyə arasında mövcud olan əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə 2010-cu ildə ADU və Türkiyənin Hacəttəpə Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi haqqında danışılıb, bu müqavilənin üçtərəfli əlaqələri yaratmaqla ADU-nun Strasburq və Hacettepe Universitetləri ilə əlaqələrinin hərtərəfli və uzunmüddətli münasibətlərin qurulmasında böyük rol oynadığı söylənilib, eyni zamanda bir sıra təkliflər müzakirə olunub.

Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırıb. 

Sonda professor D.Yunusov səfirə TGT-nin nəzdində fəaliyyət göstərən “Diplomat” klubu tərəfindən hazırlanan “Tələbələrin dostu” mükafatını təqdim edib.

Son xəbərlər

Orphus sistemi