Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib Müsabiqədə TQDK-nın ali məktəblərə keçirilən qəbul imtahanlarında 300 və daha yüksək bal toplayan abituriyentlər iştirak edə bilərlər
Elm və təhsil
14 May , 2015 18:16
Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib

Bakı. 14 may. REPORT.AZ/ 2015/2016- cı tədris ili üçün Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilir. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2015-ci ildə mülki ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 300 və daha yüksək bal toplamış aşağıdakı göstəricilərə malik olan abituriyentlər iştirak edə bilərlər:

•16 - 20 yaş arasında təvəllüdə malik, Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar);

•Yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaşlı namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası);

•Sağlamlıq baxımından, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan "Hərbi müdavim ola bilər" qeyd olunmuş arayış əldə edən;

•Nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan;

•Nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayanlar .

Müsabiqədə iştirak edəcək namizədlər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi müayinədən və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar. Müvafiq yoxlamadan keçmiş namizədlər Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 5 nəfər namizəd Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunurlar.

Təhsil müddəti 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar. Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirən şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan edildiyi gündən sonra bir həftə müddətində TQDK-ya müraciət etməlidirlər.  

Son xəbərlər

Orphus sistemi