Yuxarı

TQDK üçün yeni inzibati bina tikiləcək, qurumun yeni ünvanı açıqlanıb

Komissiyanın yeni binası Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1a ünvanında yerləşəcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Akademik Həsən Əliyev 17 ünvanında yerləşən inzibati binasında müasir tipli mətbəənin quraşdırılması ilə bağlı ilkin hazırlıq işləri görülərkən bu binanın qəzalı vəziyyətdə olması müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə TQDK-nın yaydığı məlumatda bildirilir.

Buna görə də 2014-cü ilin iyun ayından Komissiyanın yeni qurğularla təchiz olunmuş mətbəəsi və texnoloji işlərlə bağlı müvafiq bölmələri Heydər Əliyev prospekti 130 ünvanında fəaliyyət göstərir.

Komissiyanın Yoxlama-ölçmə materiallarının işlənməsi, elmi-metodiki istiqamətdə çalışan struktur bölmələri isə 2014-cü ilin oktyabr ayından etibarən Abdulvahab Salamzadə küçəsi 28 (Asiya Universitetinin binası) ünvanında fəaliyyət göstərir.

Komissiyanın rəhbərliyi, informasiya təminatı, eləcə də təşkilati işləri həyata keçirən struktur bölmələri isə dekabr ayının 15-dən etibarən Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1a ünvanında yerləşəcək.

Müvafiq dövlət qurumları tərəfindən TQDK-nın inzibati binasının qəzalı durumda olduğuna dair verilən rəylər nəzərə alınaraq həmin binanın sökülməsi və yerində yeni, təşkilati, elmi-metodiki və texnoloji tədbirlərin həyata keçirilməsi baxımından müasir tələblərə cavab verən binanın inşa olunması nəzərdə tutulub.

Beləliklə, yeni bina hazır olanadək Komissiyanın müxtəlif strukturları yuxarıda qeyd olunmuş 3 müxtəlif binada fəaliyyət göstərəcək.

"Bildiririk ki, qeyd olunanlarla əlaqədar Komissiyanın öz fəaliyyətini əvvəlki kimi davam etdirməsində, o cümlədən imtahanlarla əlaqədar təşkilati, elmi-metodiki və texnoloji işlərin aparılmasında və bu prosesin təhlükəsizliyinin təmin olunmasında, dərsliklərin monitorinqinin, fənlər üzrə seminarların müəyyən olunmuş qrafik üzrə keçirilməsində və Komissiyanın səlahiyyətlərinə aid olan digər məsələlərin icrasında hər hansı maneə yaranmayacaq", - TQDK-nın yaydığı məlumatda belə qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi