Yuxarı

TQDK jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının vaxtını açıqlayıb

İmtahan Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvan şəhərlərində təşkil olunacaq

Bakı. 29 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. TQDK-dan "Report"a verilən məlumata görə, imtahan iyulun 31-də saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

Bu mərhələdə bu ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvan şəhərlərində təşkil olunacaq.

Abituriyentlər imtahanda iştirak etmək üçün tələb olunan "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytından çap edirlər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 341 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 253 nəfərini oğlanlar, 88 nəfərini qızlar təşkil edir. 317 abituriyent Azərbaycan, 24 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi