Yuxarı
    Bağlamaq

    TQDK iyulun 29-da rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək

    Namizədlərə iyulun 25-dən etibarən internet vasitəsi ilə Namizədin imtahana buraxılış vərəqəsi təqdim olunur

    Bakı. 27 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

    TQDK-dan "Report"a verilən məlumata görə, imtahan Bakı şəhərində 1, Naxçıvan şəhərində 1 binada saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində davam edəcək.

    Namizədlərə iyulun 25-dən etibarən internet vasitəsi ilə "Namizədin imtahana buraxılış vərəqəsi" təqdim olunur.

    İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

    Qeyd edək ki, imtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.

    İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 42 zal nəzarətçisi ayrılıb.

    Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

    Xatırladaq ki, rezidenturaya ərizə qəbulu internet vasitəsilə 2016-ci il martın 1-dən 10-dək aparılıb və 1239 namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 442 nəfər imtahanın I mərhələsinin (3 aprel 2016-cı il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 325-i qız, 117-i oğlandır. 407 namizəd Azərbaycan bölməsinin, 35 namizəd rus bölməsinin, 272 namizəd cari ilin, 170 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 430, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi