TQDK 9 illik orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanın nəticələrini elan edib

TQDK 9 illik orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanın nəticələrini elan edib 7 268 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb
Elm və təhsil
6 İyul , 2016 17:45
TQDK 9 illik orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanın nəticələrini elan edib

Bakı. 6 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 5-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumatda bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılan imtahan mərkəzlərində mərkəzləşdirilmiş qaydada təşkil olunub.

İmtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. 1 sual bir balla qiymətləndirilir və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Ümumi balı 16-dan, hər bin fənn üzrə balı 8-dən az olmayan abituriyentlər ixtisas seçiminə buraxılır.

İmtahan nəticələri iyulun 6-da saat 17:22-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 13 039 abituriyentdən 2 020 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11 019 abituriyentdən 6 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. 7 268 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

İxtisas seçimi iyulun 8-dən 18-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Son xəbərlər

Orphus sistemi