Yuxarı

TQDK ədliyyə orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirəcək

İmtahan dekabrın 19-da Bakı İdman Sarayında təşkil olunacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) dekabrın 19-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. TQDK-dan "Report"a verilən xəbərə görə, imtahan saat 12:00-da vahid auditoriyada - Bakı İdman Sarayında təşkil olunacaq.

Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 17 və 18 dekabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər. İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılmış və 650 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, imtahan 3 saat davam edir və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunur: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır; 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi