Yuxarı

TQDK 14 mindən çox nəzarətçi-müəllim üçün seminar keçirəcək

Həmin müəllimlər TQDK-nın keçirəcəyi sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar

Bakı. 18 yanvar. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı ilin tədbirlər planına uyğun olaraq imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 21-dən etibarən seminar-məşğələlər keçirəcək.

TQDK-dan "Report"a verilən məlumata görə, fevralın 29-dək davam edəcək seminarlar komissiyanın mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır.

Seminarların ölkənin bütün şəhər və rayonlarda keçirilməsi nəzərdə tutulub. Prosesdə 14 500-ə yaxın nəzarətçi-müəllimin iştirak edəcəyi gözlənilir. Seminar-məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyalarına aid film nümayiş etdiriləcək.

İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçiriləcək. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə ediləcək.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi