Yuxarı

Tələbələrə güzəştli kredit verilməsinin şərtləri açıqlanıb

Tələbələr bu gündən başlayaraq iyunun 15-dək müraciət edə bilərlər

Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycan Dövlət İqtisad Universitetində təhsil kreditlərinin verilməsi üçün nəzərdə tutulan tələbə sayı müəyyənləşib. Onların sayı 70 nəfərdir. Ümumilikdə isə təsisatçı qismində iştirak edən 10 universitetdə 350-400 arası tələbə yeri Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun balansındadır. Hər il bu rəqəm yenilənəcək. Qeyd edim ki, hər bir universitet öz elmi şurasında tələbələrin sayını təsdiq etmiş olur və ayrılan yerləri Fonda sərmayə olaraq qoyub".

"Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media-brifinqdə Fondun icraçı direktoru Rüfət Mahmud bildirib.

O deyib ki, Fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbələrə ümumi tələblər qoyulub: "Belə ki, onlar Azərbaycanın vətəndaşı olmalı, təsisçi olan ali məktəblərdən birində təhsil almalı, təhsilinin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisələr baş verməməlidir. Burada bəzi xüsusi şərtlər də var və onlar hər il yenilənə bilər".

Fondun icraçı direktoru əlavə edib ki, kreditlər verilərkən valideynlərin illik gəlir xərclərinin 10 min manatdan artıq olmaması, tələbələrin yaşının 25-dən yuxarı olmaması, eləcə də bu il üçün yalnız bakalavr pilləsində təhsil alması əsas götürüləcək: "Tələbənin ümumi orta müvəffəqiyyət balı 71 baldan yuxarı olmalıdır. Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı olacaqsa, o zaman onlara kredit verilməyəcək".

Sistemin çevik, rahat olması üçün müraciətlərin yalnız onlayn şəkildə olacağını qeyd edən R.Mahmud bildirib ki, kreditin maksimum faiz dərəcəsi 8% olacaq: "Tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt veriləcək. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaqlar.
Oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq. Fondun maliyyə əməliyyatlarını həyata keçirən agent bank "Kapital Bank" seçilib. Gələcəkdə digər banklarla da əməliyyatı aparmaq mümkün olacaq. Tələbə üçün rahat şəkildə krediti qaytarma müddətində mexanizmlər işlək vəziyyətdə olacaq".

O, qeyd edib ki, bir tələbə 1 il üçün maksimum 4 000 manat məbləğində şərti qaydada kredit ala bilər: "Tələbə o pulu götürmür, fonddan birbaşa ali məktəbə ödənilir. Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Belə ki, standrat paketlərdə 8%-lik kredit dərəcəsi nəzərdə tutulur. Güzəştli paketlərdə isə 6%-lik kredit dərəcəsi müəyyənləşdirilib. Güzəştli paketlərdən ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olanlar tələbələr yararlana biləcəklər. Tələbələr kredit almaq üçün hər il mütləq müraciət etməlidirlər. I kurs tələbələri kredit üçün müraciət edə bilməzlər. Çünki onların il ərzində heç bir akademik göstəricisi qiymətləndirilməyib. Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər. Əgər tələbə nəzərdə tutulmuş müddətdə krediti qaytarmasa, fond bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilər".

Fondun rəsmisi vurğulayıb ki, tələbələr kreditlərin verilməsi üçün bu gündən başlayaraq iyunun 15-dək müraciət edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi