Yuxarı

Təhsilini bitirə bilməyən şagirdlər aprelin 20-dək qeydiyyatdan keçməlidirlər

İmtahanlar 11, 12, 13 mayda eksternat qaydasında keçiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 mayda eksternat qaydasında imtahanlar keçiriləcək. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, qeydiyyat aprelin 20-dək iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

Qeydiyyat üçün tələb olunan sənədlər aşağıdakılardır:

1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti;

2. 2 ədəd 3x4 ölçüdə fotoşəkil;

3. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;

4. Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) notarial qaydada təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün);

5. 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər üçün hərbi bilet və notarial qaydada təsdiq edilmiş surəti və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənəd və notarial qaydada təsdiq edilmiş surəti;

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə.

Xatırladaq ki, eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 4, 5, 6 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi