Yuxarı

Təhsil Nazirliyinə daxil olan şikayət və müraciətlərin statistikası açıqlanıb

Vətəndaşların Qəbulu Mərkəzində 966 sənəd qəbul olunub

Bakı. 2 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən “Report”a bildirilib ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 3858 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə çox) və Kommutator xidmətinə 2800-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4140 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 954 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 966 sənəd (419 ərizə, 515 məktub, 32 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (840 zəng) və çərşənbə (856 zəng) günləri, əsasən, saat 09:30-dan 12:00-dək və 14:30-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (923 müraciət), çərşənbə (853 müraciət) və cümə (881 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi