Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi valideynlərə və şagirdlərə xəbərdarlıq edib

    Bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarana bilər

    Bakı. 24 avqust. REPORT.AZ/ 2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması prosesi artıq yekunlaşıb. Sentyabrın 5-nə qədər isə dövlət ümumtəhsil müəssisələri tərəfindən dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

    Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, şagird sayının artması və I sinfə gedəcək şagirdlərin sayının 100 faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən şagirdlərin vaxtında dərsliklərlə təminatı üçün şagirdlərdən və onların valideynlərindən sentyabrın 5-nə qədər təhsil aldıqları məktəbə müraciət edərək dərsliklərin əldə edilməsi xahiş olunur. Hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Yaranmış problem məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən sentyabrın 15-nə qədər həll olunacaq.

    Dərsliklərin əldə edilməsi üçün məktəblərə vaxtında edilən müraciətlər dərslik təminatında yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağa imkan verəcək.

    "Şagirdlərin və valideynlərin nəzərinə bir daha çatdırırıq ki, hər bir dərsliyin istifadə müddəti dörd ildir. Onlar dərsliklərin qorunmasına, səliqəli şəkildə istifadəsinə və dərs ilinin sonunda yeni istifadəçiyə ötürülməsinə qayğı ilə yanaşmalıdırlar", - nazirlikdən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi