Yuxarı

Təhsil Nazirliyi TQDK-nın hesabatını təkzib edib

Belə bir yanaşmanın elmi əsasları yoxdur, bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbul üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin fevralın 11-də səsləndirdiyi fikirlərlə bağlı açıqlama yayıb. 

Nazirlikdən “Report”a daxil olan cavab açıqlamasında vurğulanıb ki, TQDK-nın rəqəmləri təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir: “Son 3 ildə ölkədəki ümumtəhsil məktəblərindəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir. Gəlin onların nəticələrinə diqqət yetirək. 2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış (yəni müsbət qiymət almış) məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib. 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb. Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir”.

Nazirlik qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal bərabərdir “2”-ə, 200 – 300 bal - “3”-ə, 300 – 500 bal - “4”-ə, 500 – 700 bal - “5”-ə) uyğunlaşdırılması əmsalının isə doğru olmadığını açıqlayıb: “Belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil”.

Habelə Təhsil Nazirliyi qeyd edib ki, yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi