Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin detallarını açıqlayıb

    © Report / Elchin Murad — Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev

    Bakı. 4 yanvar. REPORT.AZ/ "Tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixi şagirdlərə əvvəlcədən elan ediləcək".

    "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

    O bildirib ki, bu, təhsil iştirakçısı kimi, şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır: "Digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə Böyük Summativ Qiymətləndirmələrin (BSQ) keçirilməsidir".

    Nazirlik rəsmisi əlavə edib ki, summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq: "Başqa sözlə, qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək".

    E.Əmrullayev qeyd edib ki, yeni qaydalar tədris ilinin II yarımilindən tətbiq olunacaq.

    Xatırladaq ki, qəbul edilən yeni qaydalara əsasən, orta məktəblərdə summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir. Bundan başqa, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi