Təhsil Nazirliyi mətbuat nümayəndələrini "Fəxri fərman"la təltif edib

Təhsil Nazirliyi mətbuat nümayəndələrini "Fəxri fərman"la təltif edib Nazirlikdə Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib
Elm və təhsil
15 İyul , 2015 17:37
Təhsil Nazirliyi mətbuat nümayəndələrini Fəxri fərmanla təltif edib

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün  Təhsil Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib. "Report" xəbər verir ki, nazirliyin təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında "Maarifçi mətbuat" devizi altında keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb və nazirliyin internet saytının (www.edu.gov.az) yeni versiyasının təqdimat mərasimi keçirilib.

Öncə Təhsil Nazirliyinin saytı təqdim olunub. Qeyd edilib ki, müasir tələblərə cavab verən sayt məzmun, dizayn, istifadəçi rahatlığı, texniki imkanlar və interaktivlik baxımından əsaslı şəkildə yenilənib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda dövlətin təhsil siyasətinə uyğun olaraq təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən dolğun məlumatlar yerləşdirilib.

Saytda Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirlik sistemində fəaliyyət göstərən "Qaynar xətt" xidmətləri, nazirliyin struktur rəhbərlərinin əlaqə vasitələri, elektron müraciət, interaktiv və informativ xidmət bölmələri və nazirliyin elektron poçt ünvanları qeyd olunub. Qanunvericilik bölməsində təhsil sahəsinə dair normativ-hüquqi sənədlər yer alıb. Saytın proqram təminatı və informasiya təhlükəsizliyi də ən yüksək səviyyədə qorunur.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkə başçısı İlham Əliyevin 2 iyun 2015-ci il tarixli "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq Azərbaycan milli mətbuatının 140 illik yubileyi respublikada geniş şəkildə qeyd edilir. 

O deyib ki, Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə təhsil mövzusunda cəmiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında "Maarifçi mətbuat" devizi altında Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqənin əsas məqsədi təhsil proseslərinin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsildən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək və KİV-lə səmərəli əməkdaşlığın inkişafına təkan verməkdən ibarətdir.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışladıqlarını və belə tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduqlarını bildirib, media nümayəndələrini təbrik ediblər.

Sonra müsabiqədə qalib gələn jurnalistlərə Təhsil Nazirliyinin "Fəxri Fərman"ı və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, mükafat alanlar arasında "Report"un əməkdaşı da olub. 

Son xəbərlər

Orphus sistemi