Təhsil Nazirliyi 65 ibtidai sinif müəllimini mükafatlandırıb

Təhsil Nazirliyi 65 ibtidai sinif müəllimini mükafatlandırıb Proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunub
Elm və təhsil
18 Sentyabr , 2015 16:18
Təhsil Nazirliyi 65 ibtidai sinif müəllimini mükafatlandırıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, UNİCEF və "İnkişaf" Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan "Təməl" təqaüd proqramının bağlanışı olub. "Report" xəbər verir ki, mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov layihənin əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, təhsilin bütün pillələri arasında ibtidai təhsilin səviyyəsinin yüksəldilməsi vacib məsələlərdəndir: "Yeni forma və məzmunda hazırlanan ixtisasartırma kursunun məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdir. İbtidai təhsil səviyyəsində fəaliyyət göstərən müəllimlərin dərslərinin müşahidəsi, valideynlərlə müsahibə, şagird nəticələrinin təhlili ibtidai sinif müəllimlərinin güclü və zəif tərəflərini müəyyən etməyə imkan verir. "Təməl" proqramının modulları həmin təhlilin əsasında hazırlanıb".

O qeyd edib ki, təlim müddəti iki ay pıub: "Nəzəri və praktik məşğələlərin aparılmasına 20-dən çox mütəxəssis cəlb olunub. Təqaüd proqramında 85 təhsil müəssisəsindən 114 nəfər maraq göstərib, onlardan 113-ü yekun qiymətləndirmədə iştirak edib, 52 məktəbdən 65 müəllim imtahandan uğurla keçərək "Təməl" sertifikatına layiq görülüb".

Tədbirin sonunda təlimdən uğurla keçən müəllimlərə sertifikatlar təqdim olunub.

Xatırladaq ki, proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunub.

Son xəbərlər

Orphus sistemi