Yuxarı

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək
Məqsəd ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etməkdir

Bakı. 4 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 5-12-də ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfranslarının təşkil olunması üçün əmr imzalayıb.

“Report” xəbər verir ki, sənədin imzalanmasında məqsəd 2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaqdır.

Əmrə əsasən, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək.

Konfransların plenar iclaslarında “2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə ediləcək.

Plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakı təmin ediləcək.

Plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təkliflər ümumiləşdirilib sentyabrın sonunadək Təhsil İnstitutuna göndəriləcək.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi