DİM sədri: “Tarif Şurasının təsdiqlədiyi qəbul imtahanlarının qiyməti layihəmizdə var idi”

DİM sədri: “Tarif Şurasının təsdiqlədiyi qəbul imtahanlarının qiyməti layihəmizdə var idi” Dövlət qulluğu ilə bağlı qaydalar tam təsdiqləndikdən sonra Tarif Şurasına müraciət ediləcək
Elm və təhsil
17 Mart , 2017 12:36
DİM sədri: “Tarif Şurasının təsdiqlədiyi qəbul imtahanlarının qiyməti layihəmizdə var idi”
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ “Qəbul imtahanlarının qiymətləri ilə bağlı Tarif Şurasına bir neçə layihə təqdim etmişdik. Yekun təsdiqlənən qiymətlər bizim verdiyimiz layihələr sırasında var idi”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

DİM sədri ilk dəfədir hazırkı qaydalarla imtahanların keçirilməsinə başlanıldığını bildirib: “Təbii ki, imtahanların təşkili üçün lazımi maliyyə vəsaiti DİM-in hesabında əvvəlcədən olmalıdır. Biz müəyyən məbləği hökumətdən gözləyirik. Bu məbləğlə əlaqədar hökumətə dövlət başçısının sərəncamı ilə dövlət hesabına qəbul imtahanlarında pulsuz iştirak edəcək abituriyentlərin sayı məlum olduqdan sonra müraciət edə bilərik. Sənəd qəbulu bitdikdən sonra hökumətə müraciət edərək nə qədər abituriyentin pulunun DİM-ə ödəniləcəyini deyə bilərik".

Onun sözlərinə görə, pul köçürmələri müəyyən vaxt tələb edir: “Təbii ki, həmin məbləğin əvvəlcədən daxil olması daha yaxşıdır. Hər halda imtahanın keyfiyyətinin dəyişməyəcəyini deyə bilərik. İmtahan yenə də həmişəki keyfiyyətlə, bəlkə də daha yaxşı keçiriləcək. Amma gələn il pulun bizə necə və nə qədər daxil olduğunu bildikdə imtahanın aparılma şəraitini, keyfiyyətini də yaxşılaşdıra biləcəyik. Keyfiyyət dedikdə hər bir stolun arxasında bir abituriyentin oturmasını nəzərdə tuturam. Təbii ki, bu, daha çox vəsait və auditoriya tələb edir. Bu istiqamətdə işlər aparacağıq. Hələlik bu məsələdə qeyri-müəyyənlik var. Çünki kimlərin sənəd verəcəyini, eləcə də onların neçə faizinin məhz dövlət və ya öz hesabına müsabiqədə iştirak edəcəyini bilmirik”.

Eyni zamanda M.Abbaszadə bir müddət əvvəl mətbuatda hansısa ekspertlərin arayışına əsasən DİM-in imtahanlardan əldə etdiyi gəlirlərin hesablanması ilə bağlı çıxan xəbərlərə də münasibət bildirib: “Maraqlıdır ki, gəlir və xərclər nəyə istinadən verilib? Ümumiyyətlə, daxil olan məbləğin hamısı gəlir ola bilməz. Yazıdan məlum olur ki, araşıdırma aparan şəxslər heç vurma cədvəlini bilmir, həm də adi riyazi əməliyyatı aparmağı bacarmırlar. Hətta özlərinin yazdığı hesablamarda belə "5+2" əməlinin cavabını 9 kimi qeyd edirlər”.

DİM sədri həmçinin əlavə edib ki, dövlət qulluğuna qəbulla bağlı müsahibə ilə əlaqədar qaydalar təsdiqlənməyib: "Hazırda müsahibə ilə əlaqədar qaydaların təsdiqlənməsi gözlənilir. Qaydalar təsdiqləndikdən sonra imtahanların qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcək”.

Son xəbərlər

Orphus sistemi