Yuxarı

Sumqayıtda müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb

İmtahanlarda 9000-ə yaxın müəllim iştirak edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb.

Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, Sumqayıt şəhərinin, eləcə də Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsində 9000-ə yaxın müəllim iştirak edib. Bu, imtahana dəvət olunan müəllimlərin 99,04 faizi deməkdir.

İmtahanlar bitdikdən sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər.

Xatırladaq ki, qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, növbəti diaqnostik qiymətləndirmə 24-26 dekabr tarixlərində Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahanlarda Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan 3500-dən artıq müəllimin iştirakı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi